Cümə axşamı, 25.04.2024, 16:24
Приветствую Вас QONAQ | RSS
9-1 sinfinin rəsmi səhifəsi
Главная
Регистрация
Вход
Меню сайта

Разделы новостей
Musiqi [89]
Xeberler [41]
Islam Dünyası [6]
Əyləncə Dünyası [9]
Oyunlar [7]
Divar Kagizlari [17]
Mobil Dunya [21]
Soft Proqramlar [39]

Мини-чат

Главная » 2008 » Mart » 18 » Novruz bayrami
Novruz bayrami
10:53

Ardina baxin

Yüzillər boyunca xalqımızın başda saxladığı və iftixarla gözlədiyi istəkli bir bayramı var: Novruz Bayramı! Bahar (Novruz) bayramı təbiətə bağlılıqdan gələn və ona sevgidən yaranan bayramdır. Orta əsrlərdən indiyədək Novruz Bayramı gah fars mədəniyyətinə, gah ərəb-islam ənənəsinə aid edilsə də, onun kökləri daha qədimdir. Belə ki, yazın başlanğıcında gecə ilə gündüzün bərabərləşməsi bir çox Şərq ölkələrində, eləcə də Şumerdə yeni ilin başlanğıcı sayılaraq təntənəylə qeyd edilib. Bu bayram haqqında ilkin məlumatlardan biri və ən başlıcası "Avesta" hesab olunur. "Avesta"da altı mövsumi bayramlardan biri gecəylə-gündüzün bərabərləşdiyi gündən başlayaraq, yeddiaylıq böyük yay fəslinin başlanması münasibətilə qeyd edilən həməspə-məcdi adlanır. Zərdüştliyin dini etiqadına görə, bu mövsüm bayramı insanın yarandığı, Zərdüştün anadan olduğu gün kimi, onun "Avesta"nı Ahuraməzdanın yanından gətirdiyi gün və başqa məsələlərlə əlaqələndirilir. Zərdüştlərin fikrincə, yazın başlanması, gecəylə-gündüzün bərabərləşməsi, həm də bu andan günün uzanması Ahuraməzdanın təmsilçisi - işığın, Günəşin zülmətə - Əhrimana qalib gəlməsiylə izah edilirdi.
İlin yazdan başlanması haqqında məlumat I Daranın dövrünə (e.ə. 505-ci ildə), yəni Əhəmənilərin Zərdüşt salnaməsini bərpa etdikləri dövrə aiddir. "Avesta" salnaməsi üzrə yazın birinci ayı fərvərdin adlanır. Buna görə də bəzi mənbələrdə Novruz Bayramı fərvərdin bayramı kimi də qeyd olunurdu.
Yaz bayramının Novruz adlanması orta əsrlərdən məlumdur. Novruz Bayramıyla bağlı bəzi rəvayətlər günümüzədək gəlib-çatıb. Bu bayramın tarixindən bəhs edən orta əsr mənbələrində onu Pişdadilər adlanan sülalənin əfsanəvi və qüdrətli hökmdarı Cəmşidlə əlaqələndirirlər. Ömər Xəyyamın "Novruznamə" əsərində bu bayramın tarixi barədə yazılır: "Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyi üçün Novruz adlandırmış və bayram etmişdi".
Bəzi rəvayətlərdə isə bayramın yaranması tarixi əfsanəvi İran hökmdarı Cəmşidin Azərbaycana gəlməsiylə bağlanır. Biruni "Asar əl-baqiyyə" adlı əsərində yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş o taxta düşdü, camaat bu şöləni görüb o günü bayram etdi". Başqa bir mənbədə bildirilir ki, Cəmşid dünyanı seyr edirdi, Azərbaycana çatdıqda o, həmin gün taxta oturdu. Camaat şadlıq etdi və "Bu gün Novruzdur - yeni gündür", - dedi. Rəvayətlərin birində isə söylənilir ki, atəşin Cəmşid tərəfindən kəşf olunduğu gün Novruz adlandırılır: "Cəmşid Mazandaran ormanlarında dovşan ovuna çıxdığı zaman zəhərli bir ilan görərək ona x atmışdır. Ox ilanın olduğu qayalıqlara çırpılaraq, bir qığılcımın yaranmasına səbəb olmuş və bu qığılcım ətrafdakı quru otları yandırmışdır. Atəşi, odu ilk dəfə belə görən adamlar qorxu ilə oda səcdə etmiş, oda qaranlığı məhv edən bir müqəddəs ünsür, varlıq kimi baxmışlar. Guya ki, atəşin, odun kəşf edildiyi günü anlılar Novruz olaraq qəbul etmişlər".
Şirazi Novruz haqqında iki tarixi məlumatın olduğunu yazır. Birincisi budur ki, Allah həmin gün insanı xəlq edib. İkinci məlumatda göstərilir ki, Cəmşid dünya üzərində seyr edirdi. Elə ki Azərbaycana çatdı, qızıl taxta oturdu, başına tac qoydu. Bu vaxt Şərqin qapısından ucalan günəş onun taxt-tacını işıqlandırdı. Dünyaya şəfəq yayıldı. Adamlar bunu görüb şad oldular və dedilər: "Yeni gündür".
Novruz Bayramı bir daha Məlik Şah Səlcuqinin dövründə, yəni hicri 471-ci ildə (1078) Nizam əl-Mülkün, Ömər Xəyyam, eləcə də başqa görkəmli alim və münəccimlərin təqvimi qaydaya salmalarıyla yazın ilk günündən rəsmi dövlət bayramı kimi qanuniləşdirilib.
Novruz yeganə xalq bayramıdır ki, heç bir hökmdar ona biganə qala bilməyib. Bu da həmin bayramın böyük əzəməti ilə bağlıdır. Novruz Bayramı Sasani dövlətinin rəsmi dövlət bayramı kimi Qərb ölkələri tərəfindən də tanınıb. Qərb hökmdarları Novruz Bayramında Sasani sarayına qiymətli hədiyyələr göndərirdilər. Roma hökmdarı Novruz Bayramı münasibətilə hədiyyə olaraq Sasani şahı Xosrov Pərvizə qızıl, gümüş və qiymətli daşlardan hazırlanmış iki gümüş öküz heykəli üzərində qızıl çovkanlı oyunçu yollayıb. Din müxtəlif formalarda xalqın həyatının bütün sahələrinə, eləcə də xalq bayramlarına da öz təsirini göstərib.
Abbasi xilafəti Novruzu rəsmiləşdirməyə cəhd etsə də, sonralar Zərdüşt ayinlərinin camaat arasında bərpa edilməsindən qorxub bundan əl çəkib. Sonralar ərəblər Novruz Bayramını yaz bayramı kimi qəbul edərək ona müxtəlif dini mənalar verməyə çalışıblar.
İnanışa görə, Ulu Tanrı dünyanı gecəylə-gündüzün bərabər olduğu Novruzda yaradıb. İnsanlığın əcdadı (ulu atası) sayılan Adəmin palçığı Novruz günündə yoğrulub. Ona görə də "Burhane-Qate"də: "Cənubi Həqq aləmi və Adəmi ol gündə xəlq elədi" - deyilir. Əvvəllər Cənnətdə yaşayarkən yasağı pozaraq haram buyrulan buğdanı yeyən və buna görə cəzalandırılan, sonradan peşman çılıq duyduqlarından, Tanrının əfv etdiyi Adəmlə Həvva, inama görə, məhz Novruz günü #399;rəfatda görüşdürülüb.
Həzrət Nuhun yerə ayaq basdığı gün də Novruz günüydü. Tanrı bütün ulduzlara öz çevrələrində dolanmalarını da Novruz günündə əmr eləyib. Müqəddəs sayılan Novruz gününün ayrı-ayrı əfsanəvi varlıqların, sonralar isə həm də tarixi şəxsiyyətlərin adlarıyla bağlanmasının, məsələn, Həzrət Əlinin doğulduğu və ya taxta çıxdığı gün kimi qələmə verilməsinin də əsasında bayrama dini rəng vermək cəhdindən çox o günün ən əziz gün olduğuna şüuraltı inamı ifadə edən əski ənənə dayanıb.
Türk millətinin həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğan yaz bayramının hər gəlişi yoşğunluqla qarşılanıb. Təbiətdəki dəyişiklik tarixboyu etnosun həyatında dönüş və təzələnmə nöqtəsi olaraq düşünülüb. Əski türk imperatorluqları çağında ilk bahar və son bahar bayramlarının dövlətin rəsmi bayramları olduğu barədə bilgilər Çin qaynaqlarında yer alır. Yaradıldığı günün Novruz Bayramı ilə əlaqələndirildiyi onikiheyvanlı türk təqviminə görə, ilin başlanğıyı baharın ilk günü - Novruzdur. Əski türklərdə "yengi gün", "Ərgenekon" olaraq bilinən bu əski bayram ayrı-ayrı türk xalqlarında "Ulu kün", "Bozqurt çağan", "Sultan Novruz" və başqa adlarla tanınıb. Bəzən bu bayramı obrazlı şəkildə "Ulusun ulu günü" də adlandırıblar. Novruz Bayramının "Ərgənəkon" və ya "Boz qurd" Bayramı adlandırılması türkün qurtuluş günüylə bağlıdır. Altay dağlarının sıldırım qayalıqları arasından dördyüzillik zaman kəsiyindən sonra Boz qurdun Türkə xilas yolu göstərməsiylə qurtulduqları böyük günü türklər ən böyük bayramları kimi keçirirlər. Əski türk dastanı "Ərgənəkon"da deyildiyi kimi, türklərin Ərgənəkondan çıxdıqları həmin qurtuluş günüdür ki, martın 22-nə, Novruz Bayramının ilk gününə təsadüf edir.
Misirli türk tarixçisi Əbu Bəkr bin Abdullah bin Aybək əd-Dəvadarinin yazıya aldığı "Türk yaradılış əfsanəsi"ndən aydın olur ki, ilk insan cütü olan "Ay-Atam" və "Ay-va"nın dünyaya gəlişi mart ayıyla bağlıdır.
İlk ensiklopedik türk lüğəti olan "Divani-lüğətit-türk"də baharın gəlişi suların çoxalması, qarların əriyib dağ zirvələrinin görünməyə başlaması, dünyanın nəfəsinin isinməsi, ətirli çiçəklərin açılması, Yer üzünə yamyaşıl ipək qumaşın sərilməsi, heyvanların balalaması şəklində təsvir olunur.
Baharın gəlişi, yeni ilin qarşılanma mərasimi xaosdan-kosmosa keçidi simvolizə edir. Kosmosun xaosdan yaranması aktı bu mərasimdə canlandırılır. Ulu əcdadlarımızın əski bayramlarından biri olmuş Novruz insana həyat verən dörd ünsürün - Su, Od, Yel (hava) və Torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranıb.
Boz ayın - mart ayının el arasında müxtəlif adlarla nişanlanan dörd çərşənbəsi qışdan-yaza keçidi əhatə edir. İnama görə, həmin çərşənbələrdə yazın nəfəsi növbəylə su, od, yel və torpağın yanına hopub onları oyadır.
Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi - əzəl çərşənbədə xalq arasında "Əvvəl çərşənbə", "Gözəl çərşənbə", "Su çərşənbəsi" və başqa adlarla tanınır. Əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təmizlənir, elə buna görə də bu çərşənbə suyla, suyun təzələnməsiylə əlaqələndirilir. Hamı gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən hoppanır. Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Bir çox xəstəliklər Su çərşənbəsində sağaldılardı. Suya etiqad bəsləyənlərin inamına görə, bütün xəstəliklərini, günahlarını yalnız ildə bir dəfə Su çərşənbəsi mərasimində təzə su yuyub-aparardı. Adamlar elə oradaya günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içərdilər.
Su çərşənbəsiylə bağlı çoxlu fallar, inanclar, türkəçarələr yazıya alınıb. Fallardan birinə görə, Su çərşənbəsində sübh tezdən gedib axar sudan - bulaq, çay, arxdan "lal su" gətirirlər, yəni suyu evə gətirənədək heç kimlə danışmırlar. Onu bir neçə piyaləyə töküb saxlayırlar. Axşam qızlar yığışırlar, hərə öz bəxtinə üzüyünü saçına sürtüb suya atır. Üzük neçə dəfə cingildəsə, deməli, qız həmin sayda ildən sonra gəlin köçəcək". Suyla bağlı türkəçarələrdən birində deyilir ki, "Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar".
İlaxır çərşənbələrin ikincisi xalq arasında "Üskü çərşənbə", "İkinci çərşənbə", "Addı çərşənbə" və başqa adlarla tanınan Od çərşənbəsidir. Bu çərşənbə də əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub-saxlamaq inamına, tapınmacla əlaqədar yaranıb. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyiylə yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən şər qüvvələri qovub-uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Odun yandırılması dolayısıyla həm də günəşin-yazın çağırılması mərasimidir.
Professor Azad Nəbiyevin "İlin əziz günləri" kitabında "Od çərşənbəsi" ilə bağlı inanclarımızda deyilir:
Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır.
Ocaqda kül titrəyəndə, "Od xeyrə oyanır", - deyərlər.
Çıraq yandıranın çırağı sönməz olar.
Çıraq yeri qibləyə olan ev uğurlu olar.
İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Onu xalq arasında "Yelli çərşənbə", "Küləkli çərşənbə", "Heydər çərşənbə" də adlandırırlar. Əski etiqadlara görə, çərşənbədə oyanan yel və külək dünyanı gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Yel çərşənbəsiylə bağlı xalq arasında bir çox inanclar mövcuddur. İnanclara görə;
"Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər".
"Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə, Yel baba sənin səsin eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər".
Novruz ərəfəsindəki çərşənbələrin sonuncusuna - Axır çərşənbəyə xalq arasında "İlaxır çərşənbə", "Torpaq çərşənbəsi", "Yer çərşənbəsi" də deyirlər. Torpağın oyanışını özündə əks etdirən bu çərşənbədə torpaq əzizlənər, adamlar torpağı təmizləməyə çıxar. Novruz torpağın oyanması, yeni əkin mövsümünün başlanması ilə səciyyələnir. İlaxır çərşənbələr su, od, yel və torpağa tapınmanı bütövlükdə özündə əks etdirir. Torpaqdan əvvəl oyanan su, od və yelin başlıca məqsədi torpağı oyatmaq, onu əkinçiliyə hazırlamaqdır. Axır çərşənbə ilaxır çərşənbələrin ayin və mərasimlərlə ən zəngin olanıdır. Sübh tezdən suyatapınma ayiniylə başlayan bu çərşənbədə adamlar su üstünə çıxar, su üstündən tullanar, dərdini-arzusunu suya danışar və ondan kömək istəyərdilər. Axır çərşənbənin axşam şənlikləri zamanı tonqallar qalanar, üzərrik yandırılar, bacalardan torbalar sallanar, qulaq fallarına çıxılardı.
Təbiətin ölüb-dirilməsi, həyatın oyanış rəmzi olan Novruz Bayramı gələndə köhnə ilin Axır çərşənbə geyəsi etiqada görə, təbiətdə hər şey yatmış olur, hamısı sanki ölür. Hətta axar sular belə dayanır. Çünki aləmin yatan vaxtı su da, ağac da yatır. Gecəylə-gündüzün "taraz olduğu" bu zamanda təbiətdə nə varsa, hamısı təzələnir. Ona görə də evdəki köhnə su atılmalı, qablar təzə suyla yuyulmalıdır. Novruzda il təhvil olduğundan, köhnə ildən çıxmaq üçün evlərdə yır-yığış elənər, ev əşyaları səliqə-sahmana salınar, paltar-palaz yuyulub-təmizlənər, köhnə və lazımsız qab-qacaqlar atılardı. Hər şey təmizlənib-təzələnməklə sanki evdən bütün dərd-bəla uzaqlaşdırılardı. Axır çərşənbə gününün axşamı bütün həyətlərdə tonqal qalanardı. Qədimdə ailə başçısı və ya onun qürbətdəki üzvlərinə ayrıca tonqal yandırılardı. Oda xilaskar, qoruyucu kimi yanaşanlar tonqalın üstündən atılarkən oxuyardılar:
Ağırlığım, uğurluğum
Tökülsün, bu odda yansın
və ya:
Atıl-matıl çərşənbə
Aynatək bəxtim açıl, çərşənbə!
Bəzi araşdırıyılar səhvən Novruz mərasimindəki od ünsürünü atəşpərəstliklə bağlayırlar. Odu ilahiləşdirərək ona sitayiş edən atəşpərəstlər hətta oda öz bədxah nəfəslərinin belə toxunmasını istəmirdilər. Çünki Zərdüştliyə görə, insanın nəfəsi təmiz deyil və onun müqəddəs oda toxunması günahdır. Buna görə də atəşgahlarda oda qulluq edən kahinlər belə üzlərinə niqab örtərdilər ki, nəfəsləri oda toxunmasın. Novruz mərasimində odun üstündən hoppanan insanların "Ağrım-ayım tökülsün, bu odda yansın", - demələri, yəni öz çilələrini, ağırlıqlarını odun üstünə töküb yandırmaq istəyi atəşpərəstliklə bağlı deyildir. Əski türk təsəvvüründə Günəş və onun yerdəki rəmzi Od insanları bədxah və şər qüvvələrdən hifz edən, qoruyan magik qüvvə sayılıb.
Tonqal şənliklərində dərd-bəlanın ailədən uzaq olması və göz dəyməməsi inamıyla oda üzərrik atardılar.
Fala inananlar çərşənbə mərasimində qıfıl, yaxud düyünaçma, kuzə, qulaq və başqa fallar qurardılar. İşi çətinə düşənlər, adətən, qıfıl və ya düyünaçma falına üz tutardılar. Məmməd Dadaşzadə "Azərbaycan xalq bayramları, oyun və əyləncələri" əsərində yazır ki, bu fala inam bəsləyənlər ətəklərinin, ya da dəsmalın, çarşabın uyunu düyünləyərək küçəyə çıxıb dayanır, oradan birinci keçəndən həmin düyünü açmağı xahiş edirdilər. Xahiş məmnuniyyətlə yerinə yetiriləndə düyün sahibi bunu xoş məram sayar, tezliklə çətinlikdən qurtaracağına ümidlənərdi.
Falabaxma adətləri arasında ən geniş yayılanı qulaq falıdır. Tonqal şənliklərindən sonra qulaq falına çıxanlar döngə, dalan və qapı dalında gizlənib gəlib-gedənlərin danışığına qulaq asar, eşitdikləri ilk cümləni fikrindəki arzuyla tutuşdurardılar. Axır çərşənbə şənliklərində geniş yayılan əyləncələrdən biri də bayram payı toplamaqdı. Əsasən, yeniyetmə və gənclərin iştirak etdikləri bu əyləncə şalsallama, papaqatma adlanır. Adətə görə, yeniyetmələr və cavanlar qapı ağzına dəsmal, ya da papaq atar, ev sahibləri isə onların papağına şirni, qoz, fındıq, qovurğa qoyub qaytarardılar. Əgər dəsmal atan oğlan birinin qızını istəsəydi, onda dəsmalın qırağını düyünləyərdi. Ata-ana qızlarını ona nişanlamağa razı olsa, dəsmalın düyününü açar və qızın belinə bağlayardı. Razı olmasalar, dəsmala şirni qoyub geri qaytarardılar.
Novruz Bayramından bəhs edən tarixi sənədlərdə qeyd edilir ki, köhnə ilin başa çatmasına bir neçə saat qalmış "təhvil süfrəsi" açılırdı. Bu süfrədə şirni, şam, ayna, noğul, göy, lumu, qırmızı boyanmış yumurta və içərisinə xırda balıq salınmış bir qab su olurdu. Bayram süfrəsinə qoyulan xonça orta əsr mənbələrində "Həft sin" adıyla təqdim edilir. Bu xonçada adı "s" hərfiylə başlanan yeddi nemət olardı. Bəzi tədqiqatçıların Novruz süfrəsinin xonçasında yeddi "sin"lə başlanan nemətlərin - sirkə (dad, zövq, güc, qüvvət), sarımsaq (sağlamlıq), səbzi (ümid), sumax (bərəkət, bolluq), sikkə (zənginlik), saat (uzun ömür) və suyun (aydınlıq) qoyulması fikri başqa tədqiqatçılar tərəfindən qəbul olunmur. Onlar süfrəyə ayı, turş nemətlərin düzülməsinin bayram əhval-ruhiyyəsiylə üst-üstə düşmədiyini əsas gətirərək, süfrədə yeddi "s" hərfiylə başlayan nemətlər içərisində su, səməni, sünbül, süd, səbzi, səməni halvası və suçuğun olmasını gərəkli sayırlar. Yeddiliyun adıyla sonradan süfrəyə yeddi növ meyvə, şam və qırmızı boyanmış yumurta qoyulardı. İlin təhvilinə az qalmış bütün ailə üzvlərinin süfrə başında əyləşməsi də vacib şərt hesab olunurdu.
Keçmişdə hökmdarların sarayında münəccimlər toplanır və müəyyən hesablamalarla ilin təhvilini xəbər verirdilər. Hakimin əmriylə top, təbil, şeypur, tütək səsinin şaqraq sədaları altında ilin təhvil olduğu bildirilirdi. M.Dadaşzadə "Azərbaycan xalq bayramları, oyun və əyləncələri" əsərində yazır ki, il təhvil olduğu zaman ailə başçısı hər bir ailə üzvünə üç parça nabat və ya şirni, üç ədəd xırda pul, üç qaşıq bal verirdi.
"Novruznamə" əsərində bayram süfrəsində arpa göyərtisinin olması zərurətindən söhbət açılır. İlin məhsuldar olub-olmamasını göyərdilmiş arpanın boy atmasıyla müəyyənləşdirirdilər. Arpa şax və yaxşı göyərmiş olanda həmin il məhsulun bol olacağına, ölgün və boy atmasa, qıtlıq, qəhətlik gözlənildiyinə inanırdılar.
Təbiətin ölüb-dirilməsini, yenidən yanlanmasını, qarşıdan gələn ildə bolluq olub-olmayacağını səməninin cücərməsindən də bilərdilər. İl təhvil olan saatda səməninin bayram süfrəsinə qoyulması onun təbiətin yanlandığını rəmzləndirirdi. Səmənini bayramdan sonra solub-xarab olmalıydı. İnanca görə, əzizlərin ruhu gəlib ocağın işığını görməsə, ailə başçısına qarğış edərdi. Ailə şənliklərindən sonra görüşlər başlanardı. Qohum, dost-tanış bir-birinin evinə bayram görüşünə gedir, uşaqların sayı qədər qırmızı boyanmış yumurta və bayram şirnisi aparılırdı. Fransız səyyahı Şarden yazır ki, deyilənlərə görə, Novruz Bayramında yumurta verilməsində məqsəd ev sahibinə, onun ailə üzvlərinə cansağlığı diləməkiydi. Bayramda göyçək-güllü boyanmasıyla yumurtanın həyatın əmələ gəlməsi, yəni mənşəyi və canlıların yaranmasının simvolu kimi qəbul edilməsiylə bağlıydı. Bayram axşamı azandan əvvəl əzizlərini yada salmaq, qəbirüstə şam yandırıb şirniyyat paylamaq, ölənlərin ruhuna Yasin oxutdurmaq adətiydi. Bayram axşamı şivən salıb-ağlamaq günah sayılırdı.
Axır çərşənbə və Novruz axşamı kəndin bayram keçirən adamları evində hüzürü olan, bayram edə bilməyənlərin qapısını döyüb, onlara səməni xonçası aparardılar.Xonçada göyərdilmiş səməni, bəzən də quru sünbül olardı. Səməni xonçasına bayram payı, Novruz şirniləri, bəhməz, meyvə, noğul qoyular, onu aparanlar boynuna keçirdiyi torbadan evdə, həyətdə oynayan uşaqlara qoz-fındıq, qırmızı bəzənmiş yumurta verərdilər.
Bir üzü həyat, bir üzü ölümlü dünyada babalarımız heç vaxt Novruz Bayramını qara bayram hesab etməyiblər. Bunun düşər-düşməzi olduğunu fikirləşən babalarımız "Yeni il başını qara bayram hesab eləsən, il qara gələr", - deyiblər.
Bayram günlərində keçirilən əyləncələr arasında zorxana tamaşaları, kəndirbazlıq, xoruz, qoç döyüş-dürmək və başqa yarışlar xüsusi yer tuturdu. Baharın gəlişiylə oyanan, qışın ölümünü və yazın gəlişini gülməli şəkildə yanlandıran "Kos-kosa" və ya "Kosa oyunu" köhnə ilin gedib, təzə ilin gəlməsini, təbiətin bahar çağında oyanışını rəmzləndirirdi.
Tarixi məlumata görə, bayram şənlikləri və görüşləri, adətən, bir həftə davam edirdi. M.Dadaşzadə Novruz Bayramının 21, bəzən 40 gün, hətta tut yetişənə kimi davam etdiyini qeyd edir.
Novruz Bayramını həmişə xalqımız istədiyi kimi qarşılaya bilməyib. 1918-ci ilin martında Bakıda erməni daşnaklarının günahsız azərbaycanlı soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər Bahar bayramına qara haşiyə, bədbin əhval-ruhiyyə gətirdi. Bolşeviklər Azərbaycanda silah gücünə qanuni hakimiyyəti devirdikdən sonra da ulu bayramımız dini bayram adıyla yasaq edildi. Həmin qanlı-qadalı dövrdə bu qədim bayramımızın bir çox adət-ənənələri yaddaşlardan silindi. Bir tərəfdən "xalq düşməni" kimi qadağan edilərək yasaqlanan Novruz adətələri, digər tərəfdən xalqın inkişafına mane olan köhnəlik nişanəsi, keçmişin qalığı kimi lağa qoyulub. Yazın gəlişini əks etdirən bu ulu bayramı yaşatmaq istəyən hər bir vətənpərvər azərbaycanlı ziyalısının taleyi acınacaqlı olub. 1966-1967-ci illərdə Azərbaycanda Novruzu böyük təntənəylə keçirməyə müvəffəq olmuş xalqımızın görkəmli oğlu Şıxəli Qurbanovun çox keçmədən müəmmalı ölümü bugünədək yaddaşlardan silinməyib.
Azərbaycanın müstəqillik əldə etməsiylə ürəklərdə yaşayan, xalqın içərisində gizlin də olsa, qeyd edilən bu bayram yenidən tam təntənəsiylə yaşamaq hüququ qazandı.Novruz təbiətin ölüb-dirilməsini, oyanışını, yazın gəlişini, gecəylə-gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanmasını özündə təcəssüm etdirən türkün ulu bayramıdır.

Категория: Xeberler | Просмотров: 1089 | Добавил: eynsteyn | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа

Календарь новостей
«  Mart 2008  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Поиск

Друзья сайта

Статистика

Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər 0


Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz